Bu gün Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) turizmə məsul nazirlərinin 8-ci toplantısı keçirilib.
“Report” bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu tədbirdə çıxış edən Agentliyin sədrinin müşaviri Kənan Quluzadə son illərdə ölkəyə türk dövlətlərindən səfər edən turistlərin sayının artdığını qeyd edib.
Onun sözlərinə görə, bu ilin 9 ayında Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32 %, 59 %, 20 %, 91 %, 78 % və 188 %artım müşahidə edilib. K.Quluzadə, həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artımın qeydə alındığını və prosesin qarşılıqlı olduğunu diqqətə çatdırıb.
Müşaviri Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə 2 milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyini, bu rəqəmin 2026-cı ildə 4 milyona çatmasının gözlənildiyini bildirib.
O qeyd edib ki, 2026-cı ildə turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.
Bundan əlavə, tədbirdə Şamaxı şəhərinin 2023-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi layihəsi ilə bağlı iştirakçılarına məlumat verilib. Toplantının nəticəsi olaraq 2024-cü il üçün Türkistan şəhəri Türk Dünyasının turizm paytaxtı seçilib.
Tədbir sabah keçiriləcək “Türküstan: Türk Dünyasının Turizm Paytaxtı” beynəlxalq forumu ilə işini davam etdirəcək. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.