Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO baş katibinin müavini Rouz Qotemöllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türk.az-ın məlumatına görə,Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan müdafiə naziri qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial mövqeyi regional sülh və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Alyansın bundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
BMT Təhlükəsizlik Şurasının “Qadın, Sülh və Təhlükəsizik” üzrə 1325 saylı Qətnaməsinin müzakirəsi zamanı general-polkovnik Z.Həsənov ölkəmizin də bu sənəddən irəli gələn tələblərin yerinə yetirilməsində maraqlı olduğunu qeyd edərək Azərbaycan Ordusunda on mindən artıq qadın xidmət etdiyini diqqətə çatdırıb. General-polkovnik Z.Həsənov əlavə edib ki, yaxın zamanlarda müdafiə nazirinin qadın hərbi qulluqçular və mülki işçilərin problemlərinin həlli üzrə referenti vəzifəsinin təsis edilməsi nəzərdə tutulur.
Azərbaycanın bu məsələdə mövqeyinin təqdirəlayiq olduğunu qeyd edən xanım R.Qotemöller ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğunu, terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına, o cümlədən sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndirib və Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanın NATO ilə “Sülh naminə tərəfdaşlıq” və digər proqramlar çərçivəsində əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.