“Azərbaycan Dəmir Yolları” QSC-də İran Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə və Ərdəbil əyalətinin qubernatoru Əkbər Behnəmcunun rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüş keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək Azərbaycanın nəqliyyat-logistika imkanları, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində görülən işlər barədə ətraflı məlumat verib.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyətindən danışan natiq bildirib ki, bu layihə çərçivəsində Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərindəki dəmir yolu körpüsü tikilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. Bu ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana sonuncu səfəri çərçıvəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş”i imzalanıb.
Sonra Rəşt-Astara dəmir yolu xəttinin tikintisi, İranın Ərdəbil vilayəti ilə iqtisadi əməkdaşlığının genişləndirilməsi, eləcə də nəqliyyat sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
İran Yol və şəhərsalma nazirinin müavini, İran Dəmir Yollarının baş direktoru Səid Məhəmmədzadə və Ərdəbil əyalətinin qubernatoru Əkbər Behnamcu çıxışlarında müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb, ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bir daha diqqətə çatdırıblar.