Oktyabrın 5-də Sumqayıt Kimya Sənaye Parkının ilk rezidentlərindən olan “SOCAR Polymer” MMC-nin polipropilen zavodu məhsul ixracına başlayıb. Bu münasibətlə bir qrup KİV nümayəndəsi müəssisədə olub.
AZƏRTAC xəbər verir ki, “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən zavodlar ildə 184 min ton polipropilen və 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək.
Məlumat verilib ki, “SOCAR Polymer” layihəsinin birinci mərhələsi olan polipropilen zavodu Türkiyə şirkətləri ilə bağlanan müqavilələr əsasında məhsul ixracına başlayıb. İlin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracı nəzərdə tutulur. “SOCAR Polymer” layihəsinin ikinci mərhələsi üzrə isə işlər başa çatmaq üzrədir. Ümumilikdə, “SOCAR Polymer” çərçivəsində tikilən zavodlarda 19 növ polipropilen və 12 növ yüksəksıxlıqlı polietilen məhsulu istehsal ediləcək. Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə “SOCAR Polymer” zavodlarının ətrafında sənaye klasteri yaradacaq.
Polimer xammalı yüngül və ağır sənayenin müxtəlif sahələrində, o cümlədən məişət, tekstil, tibb və inşaat mallarının istehsalında istifadə oluna bilər. “SOCAR Polymer” məhsullarının potensial alıcıları arasında bir sıra yerli və xarici şirkətlər vardır.
Bildirilib ki, “SOCAR Polymer” MMC ölkənin kimya sənayesinin inkişafı məqsədilə 2013-cü il iyulun 16-da təsis edilib. Cari il iyulun 18-də “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihənin dəyəri 816 milyon ABŞ dolları təşkil edir.
Qeyd edilib ki, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC yaradılıb. Sənaye Parkının ümumi ərazisi 508 hektar təşkil edir ki, bunun da 450 hektarı sənaye zonasıdır.
Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədilə parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eyni zamanda, parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunur. Sumqayıt Kimya Sənaye Parkında rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir ki, bu da sahibkarlara daha operativ və rahat fəaliyyətin təşkilini təmin edir.
Sənaye Parkında müəssisələrin fəaliyyəti üçün dövlət tərəfindən bütün infrastruktur yaradılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının 17 rezidentı var. Mövcud layihələr üzrə Sumqayıt Kimya Sənaye Parkına 2,8 milyard dollar həcmində investisiya cəlb edilib ki, bunun da 2,2 milyard dolları artıq sənaye parkında reallaşdırılan layihələrə yatırılıb. Sumqayıt Kimya Sənaye Parkı istər ərazisinə, istərsə də investisiya həcminə görə region ən iri sənaye parkıdır.