Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar.
Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.
Nazir müavini bildirib ki, bu, hələ analoqu olmayan unikal layihə olacaq:
“Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər”.
Onun sözlərinə görə, Rusiyada artıq bu istiqamətdə istifadə oluna biləcək kruiz teploxodu inşa edilir.
O.Ruhullayeva qeyd edib ki, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Forumu çərçivəsində də həmin layihə üzrə müzakirələr aparılıb:
“Rusiya Prezidenti Bakıdakı nitqi zamanı Xəzərdə dəniz turizminin inkişafı üzrə ciddi istiqaməti vurğuladı. Biz də azərbaycanlı həmkarlarımızla forum çərçivəsində dəyirmi masa arxasında bu layihənin yaradılması ideyasını müzakirə etdik. Görüşün yekunu üzrə Azərbaycandan olan həmkarlarımızla Xəzərdə birgə layihənin işlənməsi və sinxronlaşdırılması barədə razılıq əldə etdik”.
Nazir müavini deyib ki, Rusiya İqtisadiyyat Nazirliyinin “Rosturizm”lə və Azərbaycan tərəfi ilə birgə vəzifəsi marşrutun yaxın gələcəkdə tam gücü ilə işləməsi üçün infrastrukturun hazırlanmasıdır.