Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.
2018-ci ilin 31 oktyabr tarixində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İran İslam Republikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılmışdir.
N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanmışdır.
Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilmişdir.