Birinci Dünya müharibəsi (1914-1918) qələbəsinin 100 illiyinin qeyd edilməsi ilə bağlı Fransanın şərqi və şimalı istiqamətində səfərə çıxan prezident Emmanuel Makron Strasburqda alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb. Strasburq katedralında Fransa-Almaniya barışığının 100 illiyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Birinci Dünya müharibəsində qələbənin 100 illiyi münasibəti ilə prezident Emmanuel Makron bir həftə ərazində 11 departamentin 15-ə qədər şəhərində tədbirlərdə iştirak edərək müharibə qurbanlarının xatirəsini yad edəcək. 1914-1918-ci illər müharibəsində 8 milyon fransız iştirak edib ki, onlardan 1,4 milyonu döyüşlərdə həlak olub.
Səfər noyabrın 11-də 100-ə qədər xarici dövlət başçılarının iştirakı ilə prezident E.Makronun Zəfər Tağı altındakı naməlum əsgər qəbri önündə məşəli alovlandırması ilə başa çatacaq.
Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibəti ilə noyabrın 11-də keçiriləcək tədbirdə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin də iştirakı gözlənilir.