Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol qəzaları qurbanlarının anım günü ilə bağlı əhaliyə müraciət edib.
BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev AZƏRTAC-a bildirib ki, BMT-nin qərarı ilə hər il noyabrın sonuncudan əvvəlki bazar günü ümumdünya yol qəzaları qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix noyabrın 18-nə düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi bildirib ki, hər il yol qəzalarında 1 milyondan artıq insan həlak olur. Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, ötən ilin on ayı ərzində respublika üzrə 1499 hadisə nəticəsində 618 nəfər həlak olub, 1406 nəfər isə xəsarət alıb. Bu ilin ayı ərzində isə 1432 yol-nəqliyyat hadisəsi nəticəsində 585 nəfər həlak olub, 1383 nəfər yaralanıb. Beləliklə, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb.
“DYP olaraq bildiririk ki, bu rəqəmlər də çoxdur və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir. Respublika ərazisində xidmət aparan yol polisi əməkdaşlarının bilik və bacarıqları, hadisələrə çevik reaksiyaları, vətəndaş-polis münasibətinin xüsusi texniki vasitələrin köməyi ilə minimuma endirilməsi müsbət nəticələr verməkdədir. Ancaq təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da ağır qəzalara səbəb olur.
Qeyd etmək lazımdır ki, baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir. Bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir. Bu ilin on ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb. Piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb.
Yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır. Təəssüf ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkarlanır. Burada sürət həddinin aşılması çoxluq təşkil edir. Yol polisi ümumilikdə yol qəzaları qurbanlarının xatirəsini dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir.
Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğun mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol-nəqliyyat hadisəsi əsl faciədir”, – deyə DYP nümayəndəsi bildirib.