Vasif Talıbov Naxçıvanda Türk Universitetinin yaradılmasını istəyir

“Naxçıvan Muxtar Respublikasında əhalinin 141 min nəfəri və ya 30 faizdən çoxu gənclərdir”.
Ann.az xəbər verir ki, bunu  Naxçıvan MR-nın Ali Məclisin sədri Vasif Talıbov Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunda deyib.
O, bildirib ki, Bu gün muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, 3 ali, 3 orta ixtisas və 5 peşə, 215 ümumtəhsil məktəbi, 26 uşaq-musiqi məktəbi fəaliyyət göstərir. Hazırda ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyəsində 154 ixtisas üzrə, orta ixtisas məktəblərində 27 ixtisas üzrə tələbə, peşə məktəblərində isə 20 ixtisas üzrə müdavimlər təhsil alır.
“İstər dövlət idarəçiliyində, istərsə də ictimai və təsərrüfat fəaliyyətinin digər sahələrində gənclərə böyük etimad göstərilir. Ölkəmizin inkişafında, müstəqil dövlətimizin möhkəmlənməsində və müdafiəsində gənc kadrların potensialından geniş istifadə olunur.
Naxçıvan şəhərində və rayon mərkəzlərində gənclər üçün yeni yaşayış kompleksləri və binaları tikilərək istifadəyə verilir, gənc ailələr mənzillə təmin olunur”.
AM sədri deyib ki, elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. “Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir”.
V. Talıbov bu cəhətlərə görə, Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.
ƏvvəlkiKürdəmir stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Növbətiİlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib