Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı təmasların, xüsusilə dövlət başçılarının səfərlərinin əməkdaşlığımızın genişlənməsi işinə verdiyi töhfəni vurğuladı.
Dövlətimizin başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirdi.
Azərbaycan Prezidenti ölkələrimizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsində roluna toxundu, xalqlar arasında təmasların əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycanın gözəlliyinin və burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını dedi.
Edqars Skuya dövlətimizin başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırdı.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul etdi.
Görüşdə Azərbaycan ilə Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olundu, Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulandı. Həmçinin Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirildi.