Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 çempionatında dünya ikincisi olub.
Azərbaycan Güləş Federasiyasından “Report”a verilən məlumata görə, yarışın 4-cü günündə 5 qadın güləşçimiz mübarizəyə qoşulub.
Əsmər Cankurtaran (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Altın Şaqayevaya məğlub olub – 0:10.
Jalə Əliyeva (57 kq) ilk mərhələdə hindistanlı Rina Rinaya, 1/4 finalda isə rusiyalı Mariya Buzarovaya “tuş”la qalib gəlib. Əliyeva yarımfinalda kanadalı Mia Frizeni də vaxtından əvvəl xalçadan məyus yola salıb – 10:0. Jalə finalda yaponiyalı Sara Natamiylə güləşib. Açıq mübarizə şəraitində keçən görüşdə rəqibinə 8:18 hesabı ilə uduzan Əliyeva dünya ikincisi olub.
Birgül Soltanova (62 kq) 1/8 finalda Alina Kasabiyevaya uduzub – 0:10.
Nigar Mirzəzadə (65 kq) 1/8 finalda rusiyalı Amina Tandelovaya məğlub olub – 0:11. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mirzəzadə ukraynalı Yuliya Leskovetsə “tuş”la uduzaraq mübarizəni dayandırıb.
Mərziyə Sadıqova (72 kq) təsnifat mərhələsində türkiyəli Bukrenaz Sertə uduzub – 3:6.