Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib.
“Report” xəbər verir ki, qurultay Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlayıb.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin XIV qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
XV qurultayda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, dövlət və hökumət nümayəndələri, deputatlar, elm xadimləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.
Hesabat məruzəsi ilə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub.
O qeyd edib ki, həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzu daha da artıb: “Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırdı. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 min 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib”.
Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və başqaları XV qurultayın ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.
Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş və “Tərəqqi” medalı ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim edilib.
Tədbirdə “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması”, “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği”, “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”, “Təhsildə innovasiyalar” mövzularında panel müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.