Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
Oktyabrın 31-də festival çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilib. Toplantıda TÜRKSOY-a üzv ölkələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin və Qaqauz Yeri (Moldova) Dövlət teatr rəhbərləri iştirak edib.
Qonaqlar toplantıdan əvvəl Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.
Şuşa qala divarlarını ziyarət edən qonaqlara şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin bələdçisi qonaqlara şəhər barədə məlumat verib. Şuşanın məhəllələri, Xan qızı bulağı, Şuşa qalasının Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidi, Mehmandarovların malikanəsi, Qazançı kilsəsi haqqında danışıb. Qonaqlar Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət edib, ortaq ədəbi dəyərlərimizlə bağlı düşüncələrini bölüşüblər.
Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib.
Sonda Cıdır düzünə gələn qonaqlar əsrarəngiz təbiət və mənzərəni seyr ediblər.