“Heydər Əliyev İli” çərçivəsində Şuşa şəhərinə “Zəfər yolu” turu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Bakı Telefon Rabitəsi” MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə baş tutan turda “Baktelecom”, “Aztelekom” və “AzEuroTel”də işləyən Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçıları, şəhid olmuş əməkdaşların ailə üzvləri, həmçinin ailə üzvü şəhid olmuş bir qrup əməkdaş iştirak ediblər.
Səfər çərçivəsində onlara Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Cıdır düzü, Molla Pənah Vaqifin məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər Ağa məscidi, güllələnmiş heykəllər, qala divarları, “Gəncə” qapıları və “Xarıbülbül” simvolu, Qazançı kilsəsi, Şuşa “Realnıy” məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı yaradılıb.
Səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şəhla Mehbalıyeva deyib: “Burada əsas məqsəd Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda cəsarətlə mübarizə aparan, bu yolda canlarını fəda etmiş qəhrəmanlarımızı ehtiramla yad etməkdir. Turda 30 nəfər iştirak edir. Bir vaxtlar müharibə nəticəsində dağılmış yerlərin indi abadlaşdığını görmək və bu yerləri ziyarət etmək ümid çırağı rolunu oynayır, şəhid valideynlərinə və Vətən uğrunda vuruşaraq müharibənin dəhşətini yaşayan insanlara mübarizələrində yalnız olmadıqlarını xatırladır. Fədakarlıqlarına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, müharibə iştirakçılarına isə əzmkarlıqları üçün minnətdarlığımızı bildiririk”.
Şuşanı seyr etməyə gələn ziyarətçilər arasında şəhid Mürsəl Kazımlının atası Kamil Kazımlı da var. O, təəssüratlarını belə ifadə edib: “Oğlum şəhid Mürsəl Kazımlı qismən səfərbərlikdə orduya yollandı. Füzulinin azad olunmasında iştirak etdi. Oktyabrın 23-də Füzulinin Kürdlər kəndində şəhidlik zirvəsinə ucaldı. Onunla fəxr edirəm. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki torpaqlarımız işğaldan tamamilə azad olunub. Buna görə cənab Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə minnətdarıq”.
Ehtiyatda olan baş leytenant Mehman Məmmədov İsa bulağından su içərkən həmin anın sevincini və həyəcanını belə dilə gətirib: “Gözlədiyimiz an gəldi, şükür Allaha, torpaqlarımız azad olunduqdan sonra gəlib buraları gördük. Mən İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Füzuli və Suqovuşanın azad olunmasında iştirak etmişəm”.
Birinci Qarabağ müharibəsi əlili, Qarabağ qazisi Fariz Əliyev isə bildirib: “Müqəddəs torpağımız Şuşanı gəlib görmək mənə də nəsib oldu. Bunun üçün böyük itkilər versək də, şükürlər olsun, bu gün Şuşa Azərbaycanındır!”.
Sonda tur iştirakçılarına rəmzi hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Zəfər yolu” turu silsilə xarakter daşıyır. İşğaldan azad edilmiş ərazilərə il ərzində bir neçə turun təşkili planlaşdırılır.