Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament (QDİƏT) Məclisinə sədrlik Azərbaycana keçib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə, növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.
QDİƏT-in Parlament Məclisinin 52-ci sessiyasında Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak ediblər. Tədbirdə təşkilatın regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu, həmkarlar ittifaqının cəmiyyətlərə təsiri, bölgənin turizm potensialı və perspektivi mövzularında müzakirələr aparılıb.
Məlum olduğu kimi, sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış ediblər.
Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir. Qaydaya görə, Məclisə sədrliyi ölkənin parlamentinin rəhbəri həyata keçirəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov olacaq.