Çinin Şanxay şəhərində Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev, Çin tərəfinə isə ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci rəhbərlik edib.
Baş nazirin müavini Şahin Mustafayev qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin illərin sınağından keçdiyini və möhkəm təməl üzərində qurulduğunu, dövlət başçıları İlham Əliyev və Si Cinpinin səyləri nəticəsində hazırda münasibətlərimizin dinamik və hərtərəfli inkişaf dövrünü yaşadığını deyib. O, iki ölkə arasında münasibətlərin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təntənəli tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Çin Hökumətinə minnətdarlıq edib.
Ş.Mustafayev iki ölkənin ticari-iqtisadi istiqamət də daxil olmaqla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini, qarşıda iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsi vəzifəsi durduğunu bildirib. O, ötən il Azərbaycan-Çin ticarət əlaqələrinin həcminin əvvəlki illə müqayisədə 21 faiz çoxaldığını, qarşılıqlı ticarətin cari ilin 9 ayı ərzində təxminən 50 faiz artmasının müsbət dinamikanın göstəricisi olduğunu deyib.
Ş.Mustafayev Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyini vurğulayıb, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində Çin şirkətlərini fəal iştiraka dəvət edib. O, Azərbaycandakı sənaye parklarına və iqtisadi zonalara investisiya qoyuluşu üzrə qarşılıqlı fəaliyyət üçün yaxşı perspektivlərin olduğunu bildirib.
Baş nazirin müavini nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlığın iki ölkə arasında münasibətlərdə prioritet olduğunu diqqətə çatdırıb, Orta Dəhlizin ən vacib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayıb.
Çinin ticarət nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Lin Ci Çin-Azərbaycan münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini bildirib, əməkdaşlığımızın inkişafında dövlət başçısının səylərini vurğulayıb. Bu xüsusda Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə toplantısı çərçivəsində görüşünün əhəmiyyəti qeyd edilib.
Nazir müavini ölkəsinin Azərbaycandan idxalın çoxalmasında maraqlı olduğunu bildirib, birgə investisiya layihələri üzrə potensial əməkdaşlıqdan söz açıb, “yaşıl enerji”, rəqəmsal texnologiyalar sahəsində iki ölkənin əməkdaşlığını genişləndirmək üçün potensialın olduğunu deyib.
Lin Ci ölkəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun fəaliyyətində iştirakını fəallaşdıracağını, bu dəhlizin yüksək rəqabətqabiliyyətli olması üçün birlikdə səy göstərilməsinin əhəmiyyətini vurğulayıb. O, investisiya layihələrinin işlənməsi üçün birgə qrup yaratmağı təklif edib.
İclasda hər iki tərəfdən dövlət qurumlarının rəsmiləri təmsil etdikləri sahələr üzrə Azərbaycan-Çin əməkdaşlığının hazırkı vəziyyətinə, inkişaf perspektivlərinə dair fikirlərini səsləndiriblər, əməkdaşlığın daha da dərinləşməsinə dair təkliflər irəli sürüblər.
Sonda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının protokolu imzalanıb.
Nümayəndə heyəti 6-cı Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycanın, habelə bir neçə dost ölkənin stendləri ilə tanış olub.