“INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində texnologiyadan istifadə edərək şəxsiyyətə uyğun, etik və inklüziv təhsil təcrübələri yaratmaq məqsədilə qlobal “DigiEduHack” hakatonunun lokal turu olan – “EduArt-DigiEduHack Baku’23” hakatonu keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışma İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), UNEC Rəqəmsal Könüllülər təşkilatı, həmçinin UNEC Startup İnkubatorunun dəstəyi ilə baş tutub.
75 nəfərdən formalaşan 18 komandanın iştirakı ilə keçirilən hakatonun ilk günü “DigiEduHack” haqqında təqdimat nümayiş olunub, sonra isə iştirakçılara “Dizayn düşüncə modeli” üzrə təlim keçirilib.
Tədbirin ikinci günü 10-dan çox yüksək ixtisaslı yerli və beynəlxalq mentor iştirakçılara öz layihələrini həyata keçirmək üçün dəstək göstərib.
Komandalar hazırladıqları prototipləri təqdim edərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Nəticədə holoqram sistemlərini ən azı 15 dəfə ucuzlaşdırmağı hədəfləyən “PlatonTech” komandası qalib olub və mükafatlandırılıb.
Qeyd edək ki, qalib layihə olan “PlatonTech” “DigiEduHack Global Awards” uğrunda mübarizədə Azərbaycanı “Experienced: Disruptive Technology” kateqoriyası üzrə təmsil edəcək.