Noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfir Ahmad Kamrizamil Bin Mohd Rza ilk növbədə, etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahələrində birgə səylərin inkişaf perspektivləri, habelə cari regional vəziyyət müzakirə olunub.
Nazir Ceyhun Bayramov ərazilərimizin 30 ilə yaxın müddətdə işğalı, həmçinin postmünaqişə dövründə normallaşma prosesi barədə qarşı tərəfi məlumatlandırıb.
Səfir Ahmad Kamrizamil Bin Mohd Rza səmimi görüşə görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan ilə Malayziya arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.