Qubada keçirilən beynəlxalq elmi konfransda beş ölkədən doqquz universitet təmsil olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda III beynəlxalq elmi konfrans keçirilib.

Filialdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Azərbaycan, Türkiyə, Rusiya, Şimali Kipr Türk Respublikası və Moldovadan ümumilikdə 9 universitetin dəstəyilə təşkil olunan beynəlxalq konfransın Elmi Təşkilat Komitəsinə 104 məqalə təqdim olunub. Həmin məqalələrdən 82-si məruzə üçün qəbul edilib.

Konfransda Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti (NDU), Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Türkiyənin Qars Kafkas Universiteti, Mersin Arxeoloji Muzeyi, Şimali Kipr Türk Respublikasının Kiriniya Amerikan Universiteti, Rusiyanın Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət Universiteti, Moldovanın Kişineu Dövlət Pedaqoji Universiteti təmsil olunub.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən filialın direktoru dosent Yusif Alıyev bildirib ki, beynəlxalq elmi konfransın əsas məqsədi təhsilin inkişafı və alimlərin elmi-tədqiqatçılıq bacarıqlarının regionlarda inkişafı, qabaqcıl təcrübənin öyrənilməsi, kadr potensialının yüksəldilməsi, qarşılıqlı elmi və beynəlxalq əlaqələrin qurulması, innovasiyanın gücləndirilməsi, təbii-coğrafi şəraitin potensialının istehsalata və praktikaya cəlb edilməsi, habelə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor təmsilçilərini bir araya gətirməkdir.

Quba Rayon İcra Hakimiyyəti başçısının sosial və humanitar məsələlər üzrə müavini Səidə Abasova çıxışında regionlarda ali təhsilin vacibliyini diqqətə çatdıraraq, bu sahədə ADPU-nun Quba filialının fəaliyyətini təqdirəlayiq hal olduğunu bildirib.

Qars Kafkas Universiteti rektorunun köməkçisi Engin Kılıç təmsil etdiyi ali təhsil müəssisəsinin Türkiyənin regionunda fəaliyyət göstərməsinə baxmayaraq dünyanın nüfuzlu universitetləri sırasında yer aldığını qeyd edib. Bu sahədə Azərbaycan universitetləri ilə, xüsusən region ali məktəbi olan ADPU-nun Quba filialı ilə əməkdaşlığından məmnunluğunu ifadə edib.

NDU-nun rektoru dosent Elbrus İsayev qeyd edib ki, vaxtilə ADPU-nun filialı kimi fəaliyyətə başlayan Naxçıvan Dövlət Universiteti hazırda dünyanın aparıcı universitetləri sırasında reytinq qazanıb.

Tədbirdə Qars Kafkas Universiteti, Kiriniya Amerikan Universiteti, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Dağıstan Dövlət Texniki Universiteti, Həştərxan Dövlət Universiteti, Kişineu Dövlət Pedaqoji Universiteti, Mersin Arxeloji Muzeyi və Pəncab Universitetinin əməkdaşları çıxış ediblər.

Çıxışlarda konfransın ölkələrin əməkdaşlığı baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Vurğulanıb ki, dünya üzrə artan rəqabətə davam gətirə bilmək üçün ali təhsil ocaqlarında XXI əsrin tələblərinə uyğun təhsil modelinin qurulması vacibdir.

Konfransdan sonra Quba Uşaq Musiqi Məktəbinin kollektivinin və filialın tələbələrinin ifasında ədəbi-musiqili proqram təqdim olunub.

İki gün davam edən konfransın əyani və onlayn bölmələrində ümumilikdə 76 nəfər çıxış edərək elmi-tədqiqat işləri haqqında bilgilər veriblər.

ƏvvəlkiBerlin şəhərində Almaniyadakı Azərbaycanlı Həkimlərin II Forumu başlayıb
NövbətiTürkiyə XİN: Vətəndaşlarımızın Qəzzadan təxliyəsi davam edir