Ağsu rayonunun Gəgəli kəndində “Heydər Əliyev İli”nə həsr olunan “Bələdiyyələr tarixi” I Beynəlxalq Gəgəli Simpoziumu keçirilib. Simpozium Ağsu rayonu Gəgəli bələdiyyəsinin təşkilatçılığı və “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Beynəlxalq YOCOCU Assosiasiyası, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, Şimali Makedoniya Sosial Mədəni Antropologiya İnstitutunun tərəfdaşlığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, simpozium Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində yaradılan “Tərəkəmə Yurdu” folklor turizmi məkanında açıq səma altında baş tutub. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Makedoniya, İtaliya, Gürcüstan, Çin, Özbəkistan və digər dövlətlərdən 50-dək alim və tədqiqatçı məruzələrlə çıxış edib.
Simpoziumun yerli və xarici iştirakçıları əvvəlcə Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə Gəgəli kəndinin Şəhidlər xiyabanını ziyarət ediblər. Fariz Xəlilli Gəgəli kəndinin tarixi və kəndin 13 şəhidinin qəhrəmanlıqları haqqında məlumat verib.
Sonra simpozium iştirakçılarına “Tərəkəmə yurdu” folklor turizmi məkanı təqdim edilib. Məkanın ideyası, layihənin məqsədi, festival meydanı, səhnə, çadırlar, qazma ev, ənənəvi üslubda heyvan nümayiş mərkəzi, tərəkəmə folklor nümunələri haqqında danışan Fariz Xəlilli layihənin başa çatdıqdan sonra davamlı olacağını, bundan sonra da bələdiyyə və onun müəssisələri tərəfindən müxtəlif müsabiqə, olimpiada, marafon, aksiya, sərgi, infotur keçirəcəklərini vurğulayıb. Qeyd edilib ki, burada təqdim olunan maddi və mənəvi mədəni irs elementləri folklor nümunəsi olmaqla yanaşı, yazılı qaynaqlara əsaslanır. İştirakçılara təqdim olunan milli yemək növləri – əriştə və düyü (plov) məhz məşhur səyyah İbn Bəttutənin XIV əsrdə türk obaları arasında yediyi və təsvir etdiyi yeməklərdir.
Simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilib.
Simpoziumun Təşkilat Komitəsinin sədri Fariz Xəlilli tədbiri açıq elan edib.
Sonra Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə simpoziumun işinə uğurlar arzulayıb.
Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Mübariz Abdullayev Gəgəli bələdiyyəsinin bələdiyyələrlə bağlı elmi simpozium keçirmək təşəbbüsünü təqdir edib.
Simpozium iştirakçıları 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə ədliyyə işçilərini təbrik ediblər.
Qiraətçi Əbdül Məcidli Mübariz Abdullayevin Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi şeiri səsləndirib.
Simpozium digər çıxışlarla və bölmə iclasları ilə davam edib.
Bədii hissədə “Xançoban” musiqi qrupunun konserti olub, iştirakçılara “Çilingağac oyunu” nümayiş etdirilib.