Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.
Nazirlər Kabinetindən “Report”a bildirilib ki, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulanıb.
UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədrliyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirilib.
Azərbaycanın Komissiyanın əksər üzv ölkələri ilə müxtəlif sahələrdə yaxşı münasibətlərə malik olduğu bildirilərək, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından UNESCAP səmərəli platforma kimi dəyərləndirilib. Azərbaycanın təşəbbüsü ilə Komissiya tərəfindən qəbul edilmiş nəqliyyat bağlantıları və dayanıqlı enerjinin inkişafı üzrə qətnamələrin önəmi vurğulanıb.
Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığından bəhs edilib, bu əməkdaşlığın SPECA çərçivəsində ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika və qarşılıqlı maraq doğuran bütün digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirilib.