Noyabrın 25-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşü keçirilib.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə “İslam ekstremizmə qarşı” Sənədi müzakirə edilib, eyni din, ortaq tarix, dil, mədəniyyət və adət-ənənələri bölüşən Türk dövlətləri və xalqları arasında həmrəyliyin daha da möhkəmləndirilməsi, TDT-yə üzv ölkələrin milli-mənəvi mühitinə, dövlətçiliyinə və suverenliyinə qarşı hər-hansı təhdidlər yaranarsa, birgə mövqedən çıxış etmək və Şura çərçivəsində fətva məsələləri üzrə işçi qrupunun yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Şuranın üzvləri – TDT-yə üzv ölkələrin Müsəlman dini idarə rəhbərləri və TDT-nin Baş katibi çıxış ediblər.
Məruzəçilər Türk-İslam həmrəyliyinin möhkəmləndirilməsində, dünyada sülhün və rifahın bərqərar olmasında, Türk-İslam mənəviyyatının və mədəniyyətinin təbliği və təşviqi, habelə onun zəngin potensialından istifadə edilməsi sahələrində TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının əhəmiyyətini xüsusi vurğulayıblar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını forumun təşkilatçılarına və iştirakçılarına çatdırıb, belə bir tədbirin keçirilməsinə xeyir-dua verən və dəstək olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan dindarları adından dərin təşəkkürünü ifadə edib. QMİ sədri deyib ki, müdrik siyasi liderlər İlham Əliyev ilə Şavkat Mirziyoyev arasındakı dostluq, qardaşlıq münasibətləri sayəsində dövlətlərimizin və xalqlarımızın hərtərəfli əməkdaşlıq əlaqələri daha da möhkəmlənir, inkişaf edir.
Şeyxülislam A.Paşazadə Azərbaycan torpaqlarının erməni işğalından azad olunduqdan sonra Şavkat Mirziyoyevin Şuşanı ziyarət etməsini, Füzuli şəhərində özbək xalqının hədiyyəsi olaraq tikilmiş Mirzə Uluqbəy adına məktəbin açılışında Prezident İlham Əliyevlə birgə iştirakını əsl qardaşlıq nümunəsi kimi dəyərləndirib.
Görüşün sonunda Şura üzvləri “İslam ekstremizmə qarşı” Sənədini yekdilliklə qəbul edib və imzalayıblar. Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin növbəti – 5-ci görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.
Tədbir çərçivəsində A.Paşazadə Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xoliknazar, Türkiyə Diyanət İşləri Başqanı Ali Erbaş, TDT Baş katibi Kubanıçbek Ömüraliyev ilə ikitərəfli görüşlər keçirib.
Müzəffər Kamilovla görüşdə Prezident İlham Əliyev başda olmaqla, bütün Azərbaycan xalqına Zəfər bayramı münasibətilə təbrik çatdırılıb. Öz növbəsində A.Paşazadə Özbəkistan dövlətinə və xalqına Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri üçün minnətdarlığını ifadə edib. Görüşdə iki ölkə arasında mədəni-mənəvi əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Görüşdə QMİ sədrinə Özbəkistan Beynəlxalq İslam Universitetinin fəxri doktoru adı və diplomu təqdim olunub.