Əlilliyi olan şəxslərin hüquqları daim müdafiə və təşviq edilməli, onlar üçün ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmalı, bu sahədə maarifləndirmə işi daha da gücləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgələrindəki ərazilərimizdə çoxsaylı minalar və partlamamış hərbi sursatlar mövcuddur, qarşı tərəf isə hələ də onların xəritə-sxemləri barədə dəqiq məlumatları vermək istəmir.
Ombudsman, həmçinin qeyd edib ki, statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfər mina partlayışı nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ümumilikdə 1991-ci ildən bu günədək 357-si uşaq, 38-i qadın olmaqla, ümumilikdə 3416 nəfər minadan zərərçəkən qeydə alınıb.
“Böyük təəssüf hissi ilə bir daha qeyd etmək istəyirəm ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdədir”, – deyə Səbinə Əliyeva qeyd edib.