AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun qərarı ilə Türk Dil Qurumunun fəxri üzvü seçilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Türk Dil Qurumunun fəxri adına layiq görülməsindən məmnunluğunu ifadə edən Nadir Məmmədli bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. Alim vurğulayıb ki, bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun tərkibinə Türk Tarix Qurumu və Türk Dil Qurumu, həmçinin Atatürk Araşdırma Mərkəzi və Atatürk Mədəniyyət Mərkəzi daxildir. Türkiyənin bu dörd özəl qurumu 1983-cü ildən bu yana Ali Qurumun çətiri altında müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirir. AMEA-nın Dilçilik İnstitutu ilə Türk Dil Qurumu arasında dostluq münasibəti formalaşıb. Bu da Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.