Bakıda “Media savadlılığı” konfransı keçirilib

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə dekabrın 20-də 500 gəncin iştirakı ilə “Media savadlılığı” konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Media savadlılığı” həftəsi çərçivəsində təşkil olunmuş konfransın açılış mərasimində çıxış edən MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsinin həm milli media məkanının inkişafı, həm də ölkə üzrə uzunmüddətli sosial-mədəni inkişafın təşviqi üçün başlıca amillərdən biri olduğunu vurğulayıb. O bildirib ki, müşahidə edilən informasiya bolluğu, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması mediada savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını effektiv yerinə yetirməsi istiqamətində ardıcıl addımların atılmasını tələb edir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yerli media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf edib. Xüsusən Ümummilli Lider Heydər Əliyevin medianın inkişafına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, beynəlxalq standartların uyğunlaşdırılmasına, media nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğı danılmaz faktdır. Media sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir.

Xidmət rəisi dünya əhalisinin böyük hissəsinin media savadlılığı ilə bağlı fundamental bilik və bacarıqlara malik olmadığını, onlayn mühitdə təhlükəsiz şəkildə naviqasiya qabiliyyətinin məhdud olması səbəbindən belə əhali qruplarının, xüsusilə gənclərin mediada yer alan müxtəlif məlumatların mənfi təsirlərinə məruz qalma riskinin kifayət qədər yüksək olduğunu, bu istiqamətdə ardıcıl tədbirlər görülməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra MEDİA-nın mediaya dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Ləman İsgəndərova “Media savadlılığı” platformasının – “medialiteracy.media.gov.az”ın təqdimatını edib.

Daha sonra Türkiyə Radio və Televiziya Ali Şurasının (RTÜK) İnsan Resursları və Təhsil İdarəsinin müavini Feyza Gizligider “İzlədiklərinizin izi qalar” mövzusunda çıxış edib.

Konfrans çərçivəsində “Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiya keçirilib.

Sessiyaya moderatorluq edən Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova bildirib ki, Agentliyin fəaliyyət istiqamətində həm də media savadlılığının təhsildə tətbiqi məsələləri əksini tapıb. Sosial media istifadəçisi olan gənclər saxta xəbərlərin təsirinə düşməməli və istənilən kontentə tənqidi yanaşma sərgiləməlidirlər. Eyni zamanda, onların faktı və vizual materialları yoxlayan proqramlardan da məlumatlı olmaları çox önəmlidir.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov çıxışında dezinformasiyanın sürətlə yayılmasının gənclər üçün birbaşa təhlükə mənbəyi olduğunu qeyd edib. Bu halın onların inkişafına, maariflənməsinə, təhlükəsizliyinə təsiri və onun aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev rəqəmsal dövrdə media savadlılığının tədrisdə tətbiqinin aktuallığından, nazirliyin media savadlılığı istiqamətində gördüyü işlər, onun ayrıca fənn olaraq orta məktəb üçün tədris proqramına salınması və ümumiyyətlə, bu sahədə perspektiv layihələr haqqında danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bölmə rəisi Murad Babayev isə kiberhücum, kibertəhlükəsizlik terminləri, ümumiyyətlə gənclərin sosial media alətlərindən istifadəsi məsələləri barədə konfrans iştirakçılarına məlumat verib.

Qeyd edək ki, media savadlılığının artırılmasına dair tədbirlərin məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, ölkə üzrə media savadlılığı göstəricilərinin yüksək səviyyəyə çatdırılmasını, eləcə də sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etməkdir.

Konfransın sonunda “Media savadlılığı” mövzusunda keçirilən onlayn sorğunun qalibləri mükafatlandırılıb.

ƏvvəlkiMSK sədri: İşğaldan azad olunmuş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək
NövbətiAzərbaycan Milli Xalça Muzeyində “Xəttin şifrəsi” kitabının təqdimatı olub