Dekabrın 24-də Şərur rayonunun Xələc kəndində yeni məscid istifadəyə verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, açılış tədbirində iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli məscidin həm “Heydər Əliyev İli” çərçivəsində, həm də belə bir əlamətdar gündə istifadəyə verilməsinin böyük rəmzi məna daşıdığını qeyd edib.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev hər zaman islami dəyərlərə hörmət və ehtiramla yanaşıb. Məscidləri, dini ziyarətgahlarımızı qoruyub, dini-mənəvi dəyərlərimizi yaşadaraq inkişafına xüsusi diqqət göstərib. S.Sayidəhmədli diqqətə çatdırıb ki, Xələc kənd məscidində yaradılan şərait milli-mənəvi dəyərlərimizin qorunmasının Prezident İlham Əliyevin ciddi diqqət mərkəzində olmasının əyani sübutudur.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən, ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, ziyarətgah və tarixi abidələr inşa edilib və ya bərpa olunub. Digər çıxışçılar da 44 günlük Vətən müharibəsindəki zəfərimizə və bu ilin sentyabrında aparılan lokal antiterror tədbirlərinə diqqət çəkərək bildiriblər ki, artıq bu gün Azərbaycanın bütün bölgələrində azan səsi duyulur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən Xələc kənd məscidinə müqəddəs “Qurani Kərim” hədiyyə edilib.
Sonra məscidə baxış olub, “Quran-i Kərim”dən ayələr oxunub.
Qeyd edək ki, Xələc kəndindəki sözügedən ərazidə əvvəllər də məscid fəaliyyət göstərib. Lakin tam yararsız vəziyyətə düşdüyündən, yenisinin inşa olunmasına ehtiyac yaranıb. 1250 kvadratmetr sahədə yerləşən məscidin tikintisinə Xələc kənd cəmiyyətinin təşəbbüsü və sakinlərin dəstəyi ilə 2022-ci ilin avqust ayında başlanılıb. Məscid 1 günbəz və 2 minarədən ibarət olmaqla, eyni zamanda 135 nəfərin ibadət etməyi üçün uyğunlaşdırılıb. Ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb.