Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ölkədə səfərdə olan azərbaycanlı qazilərlə görüşüb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan bir qrup Vətən müharibəsi qazisi Türkiyənin vitse-prezidenti C.Yılmaz tərəfindən qəbul olunub.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi görüşdə Türkiyənin vitse-prezidenti azərbaycanlı qaziləri salamlayaraq onlarla görüşməkdən duyduğu məmnuniyyəti ifadə edib. C.Yılmaz qazilərin Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlığa toxunaraq onların bu şücaətinin Azərbaycanla yanaşı, Türkiyəni də qürurlandırdığını vurğulayıb.
Qazilər qardaş Türkiyənin onlara göstərdiyi diqqət və qayğıya təşəkkür ediblər.