Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Lənkəranda ölkə üzrə sayca 27-ci “ASAN xidmət” mərkəzi açılıb. Bu gün fəaliyyətə başlayan mərkəzə günün sonuna kimi 500-ə yaxın vətəndaş müraciət edib.
AZƏRTAC xəbər verir ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət göstərən bu regional mərkəzdə 214 əməkdaş və 40 könüllü çalışır.
Könüllü Mirabbas Abbasov da onlardan biridir. Vətəndaşlara xidmət göstərməkdən məmnun olan Mirabbas Abbasov deyir ki, elə vətəndaşlar da “ASAN xidmət”in fəaliyyətindən məmnundurlar. İnsanlar mərkəzdən ayrılanda xoş təəssüratlarını ifadə edirlər. “ASAN xidmət”in könüllüsü olduğuma görə qürur duyuram. Bura gələn vətəndaşları qarşılamaqdan çox məmnunuq. Gələn vətəndaşlarımız da “ASAN xidmət”in bütün sektorları üzrə xidmətlərdən yararlanıb, buradan çox məmnun ayrılırlar”, – deyə o bildirib.
Ümumiyyətlə “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən 35 mindən çox könüllü bu prosesə qoşulub və onlardan 3300-dən çoxu “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Astara sakini İsaq Nəsirov da elə ilk gündən mərkəzin xidmətindən faydalanıb: “Hər şey əladır, gözəldir. Astaradan buraya notarius xidməti üçün gəlmişəm. Gətirdiyim sənədlər rus dilindən Azərbaycan dilinə tərcümə edilməli idi. Yüksək dərəcədə xidmət göstərdilər. Tez və asan həll edildi, təsdiq olundu. Hər şey yüksək səviyyədədir”.
Regional “ASAN xidmət” mərkəzinin xidmətlərindən istifadə edən Arif Əliyev isə Lerikdən gəlib. “Əvvəllər sənədlərimizi qaydaya salmaq üçün uzağa – Masallıya getməyə məcbur olurduq. Həm daha çox yanacaq, həm də vaxt sərf edirdik. İndi şükür Allaha, Lənkəranda “ASAN xidmət” açılıb və bütün işlərimizi burada görə bilirik”, – deyə o razılığını ifadə edib.
Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa olunub. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb. Mərkəz videomüşahidə kameraları, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, “ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və “Çağrı mərkəzi”ndə zəng köşkləri və müasir avadanlıqlarla təchiz edilib.
“ASAN xidmət”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevlə də söhbət etdik. Deyir ki, bu, cənub bölgəsi üzrə ikinci “ASAN xidmət” mərkəzidir. Bu gündən etibarən vətəndaşların xidmətindədir: “Bu bölgədə yaşayan vətəndaşlar yaxınlaşıb asanlıqla bu mərkəzin xidmətlərindən yararlana bilərlər. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara, ümumilikdə, 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir. Regionda startapların inkişafını təmin etmək məqsədilə burada “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi fəaliyyət göstərəcək. Burada ASAN İnnovativ İnkişaf Mərkəzinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir”.
Şöbə müdiri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə də vətəndaşlarımızın dövlət xidmətlərinə əlçatanlığı prioritetdir. Bu istiqamətdə aparılan proqnozlara əsasən, əhali sayı, müraciət sayı və sıxlığı nəzərə alınaraq Ağdam, Cəbrayıl və Laçında “ASAN xidmət” mərkəzlərinin inşası həyata keçirilə bilər. Bunu isə yaxın gələcək göstərəcək.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən 27 “ASAN xidmət” mərkəzinin 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda, digərləri isə Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan və Naxçıvan Muxtar Respublikasındadır.