Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Belçikanın və eyni zamanda, Avropa İttifaqının paytaxtında Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının təsis konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər silsiləsi konfrans iştirakçılarının “Konqres Sütunu”nu (fransızca “Colonne du Congrès”, niderlandca “Congreskolom”) ziyarətləri ilə başlayıb. Bu, 1831-ci ildə Belçika Milli Konqresi tərəfindən Krallığın Konstitusiyasının qəbulu şərəfinə ucaldılan monumental sütundur. Ölkənin rəsmi tədbirlərinə bu yeri ziyarətlə başlayırlar.
“Konqres Sütunu”nu rəmzi ziyarət erməni qoşunlarının Xocalıda törətdikləri ən ağır cinayətin ildönümünə həsr olunmuşdu. Mərasimdə Avropanın müxtəlif diaspor təşkilatlarını təmsil edən konfrans nümayəndələri, Azərbaycanın Belçikadakı səfirliyinin, dövlətimizin NATO-dakı missiyasının, Belçika Müdafiə Nazirliyinin və bu ölkənin Veteranlar Birliyinin əməkdaşları, ictimai xadimlər, eləcə də Belçikanın yerli əhalisindən olan, Azərbaycan xalqına həmrəyliyini bildirməyə gələn vətəndaşlar iştirak edirdilər.
İkinci Dünya müharibəsinin naməlum əsgərinin məzarının yerləşdiyi Sütunun qarşısına əklillər qoyulub. Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov, NATO-da Azərbaycanın missiyasının başçısı Cəfər Hüseynzadə və Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının Baş katibi Sahil Qasımov ziyarətçilər kitabına xatirə sözlərini yazıblar.
Sonra Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının təsis konfransı keçirilib. Konfrans Azərbaycanın Belçikadakı səfirliyinin Böyük zalında təşkil olunub. Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov forum iştirakçılarını giriş nitqi ilə salamlayıb.
Konfransda, həmçinin müxtəlif diaspor təşkilatlarından nümayəndələr çıxış ediblər. Onların nitqlərində Azərbaycanın dövlət başçısının siyasi kursuna dəstək ifadə olunub.
Təsis konfransının sənədləri müzakirə olunub və qəbul edilib, Azərbaycanlıların Avro-Atlantik Tərəfdaşlıq Şurasının rəhbər heyəti formalaşdırılıb. İştirakçıların çıxışlarında təşkilatın proqram məqsədləri müəyyən edilib.
Yekunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə müəlliflər dövlət başçısını yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və onun komandasının siyasi kursuna dəstək ifadə ediblər.