Ankarada “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub

Türkiyənin Xaricdə Yaşayan Soydaşlar və Əqrəba İcmaları Departamentində “Kilsəyə çevrilən türk abidələri” üçcildliyinin təqdimatı olub. Kitabda indiki Ermənistan ərazisində olan və sonradan kilsəyə çevrilən qədim türk memarlıq abidələri haqqında ətraflı məlumat verilir.

AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn bu tədqiqat əsəri dünyanın 19 ölkəsində təməldə türk abidəsi olmuş və sonradan kilsəyə çevrilmiş irs yadigarları haqqında məlumatları ehtiva edir.

Kitabın müəllifi olan memar Emin Yılmaz bildirib ki, Türkiyənin soydaş və əqrəbalar yaşayan coğrafiyalarında memarlıq abidələrinin üzə çıxarılması üzrə fəaliyyət davam edir. Onun sözlərinə görə, bu tədqiqat türklərin məruz qaldıqları köç, sürgün proseslərinə də işıq salır, həmçinin tarixin müxtəlif mərhələlərində baş vermiş faciələri daha müfəssəl şəkildə araşdırmağa imkan yaradır. Müəllif qeyd edib ki, kitab ingilis dilində də nəşr edilib.

Emin Yılmazın 13 il ərzində hazırladığı bu tədqiqat əsəri üç cilddən və 1425 səhifədən ibarətdir. Kitabın birinci cildində Azərbaycan, Albaniya, Bosniya-Herseqovina, Bolqarıstan, Əlcəzair, Ermənistan, Kipr, Xorvatiya, Monteneqro, Kosovo və Makedoniya, ikinci cildində isə Ukrayna, Macarıstan, Moldova, Rumıniya, Serbiyadakı tarixi abidələr haqqında məlumatlar yer alıb. Əsərin üçüncü cildi bütövlükdə Yunanıstandakı türk tarix abidələrinə həsr edilib.

Təqdimat mərasimi çərçivəsində kilsəyə çevrilən qədim türk abidələrinin fotoşəkillərindən ibarət sərgi də təşkil olunub.

ƏvvəlkiKöç edən məcburi köçkünlərin xidməti mənzillərinin yataqxanalardakı köçkünlərə verilməsi təklif olunur
Növbəti“Unutmadiq” adlı tədbir təşkil olunub