Martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın ilk gününün son sessiyası “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzusuna həsr olunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluq etdiyi sessiyada mövzu ilə bağlı fikirlərini bölüşən “Müslim İnstitutu” Beyin Araşdırma Mərkəzinin (İslamabadda və Londonda fəaliyyət göstərir) sədri, Hindistanın Junagadh ştatının Baş naziri Sahibzada Sultan Ahmad Ali islamofobiya barədə danışan Qərbin İslamla bağlı kifayət qədər məlumatlı olmadığını deyib. Qeyd edib ki, son dövrlər islamofobiyanın artması müəyyən amillərlə bağlıdır. Vurğulanıb ki, son illərdə dünyanın müxtəlif yerlərində nifrət zəminində baş verən cinayətlər daha da artıb və bunu yanlış olaraq islamofobiya ilə əlaqələndirirlər.
Son 20 il ərzində islamofob elementlərin Qərbdə kifayət qədər artdığını diqqətə çatdıran Sultan Ahməd Ali islamofobiyanın elmi cəhətdən qarşısını almaq üçün ali məktəblərdə İslamın geniş spektrdə tədrisinin vacibliyini vurğulayıb.
Qətər Universitetinin “Körfəz” Tədqiqatlar Mərkəzinin direktoru Mahjoob Ahmed Suleman Zveiri (Qətər) islamofobiyanı yaradanların özlərinə əmin olmadıqlarını vurğulayıb. Onun sözlərinə görə, min dörd yüz il və daha çox zaman kəsiyi İslam dininin münaqişələrə, müharibələrə, qadınlara, uşaqlara və ümumiyyətlə, hər cür şiddətə qarşı olduğunu artıq sübut edib.
Münaqişələrlə bağlı danışan Mahjoob Ahmed Suleman Zveiri bildirib ki, islamofobiyadan danışanlar özlərinə baxsınlar və bizi radikallaşmağa sövq etməsinlər. O, islamofobiya ilə mübarizə üçün ali məktəb tələbələrinin bu ruhda tərbiyə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın 30 il ərzində işğaldan əziyyət çəkdiyini, mədəni, tarixi abidələrimizin məhv edildiyini vurğulayıb. Deyib ki, bu, özü də elə islamofobiyadır. T.Gəncəliyev erməni diasporunun kilsələrdən manipulyasiya vasitəsi kimi istifadə etdiyini bildirib. Diqqətə çatdırıb ki, bəziləri islamofobiyadan, Azərbaycan və Türkiyə əleyhinə danışaraq bu “xidmətləri” sayəsində vəzifələrə təyin olunurlar.
Deputat islamofobiya ilə mübarizədə “siyasi vaksin”in mövcudluğunu da diqqətə çatdırıb.
“Biz islamofobiya ilə sonadək mübarizə aparacağıq. Fransada Qarabağ xanının qızı Xurşidbanu Nətavanın heykəlinin vandalizmə məruz qalması islamofobiyadan danışanların iç üzünü göstərir”, – deyə Tural Gəncəliyev əlavə edib.
Nur-Mubarak Misir İslam Mədəniyyəti Universitetinin rektoru Mohamed Alshahhat Abdulhamid Mohamed Algindi bildirib ki, hazırda müsəlmanlar fanatiklər, insan hüquqlarının, demokratiyanın əleyhinə olan insanlar kimi qələmə verilir. İslam isə demokratiyaya, insan hüquqlarına, müasir bəşəriyyətə, sivilizasiyaya, bəşəri dəyərlərə, tərəqqiyə qarşı olan din kimi göstərilir. Müsəlman ölkələrinin əksəriyyəti ilə bağlı belə fikirlərin şahidi oluruq. Ona görə də İslamın dəqiq mahiyyətini bilmək lazımdır. “Bütün müsəlman ölkələri BMT-nin Beynəlmiləl insan hüquqları bəyannaməsini istisnasız qəbul ediblər. Müsəlman ölkələri BMT-nin üzvüdür. İslamla bağlı müasir dialoqlara ehtiyac var. Biz bu məsələni kökündən həll etməliyik”, – deyə o bildirib.
Rektor deyib ki, əfsuslar olsun, İslam ölkələrinin insanlarını dinləmirlər. Biz qlobal dialoqa getmək istəyiriksə, bu, sülhə, tolerantlığa, dözümə, mənəvi dəyər və prinsiplərə əsaslanmalıdır. Qərb ölkələri də bu məsələdən agah olmalıdırlar.
ABŞ-ın Ailə və Gənclər İnstitutunun direktoru Samir Əhməd qeyd edib ki, islamofobiyada institusional, eyni zamanda, fərdi səviyyədə təsirlər var. Bu, kompleks, eyni zamanda, çoxtərəfli bir fenomendir. Həm birbaşa, həm də dolayısı ilə aqressiyaya təkan verir.
O diqqətə çatdırıb ki, islamofobiya ali təhsil müəssisələrində tələbələrin hərəkətlərinə də təsirsiz ötüşmür, bu zaman yanaşma və dəstək problemi özünü qabarıq göstərir.
Bildirilib ki, bu gün müsəlman tələbələr Qərb ölkələrində şəxsi təhlükəsizlikləri ilə də bağlı narahatlıq hiss edirlər. Siyasi inanclarına görə müsəlmanlar təqib olunur. Bu, tələbələrin yaşayış şəraitinə təsir göstərir, onların təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxarır. Nəticədə həmin gənclər bütün proseslərdən kənarda qalmağa məcbur olur, nəticə etibarilə cəmiyyətdən təcrid olunurlar. Bu da islamofobiyanın mənfi nəticələridir. Belə problemləri həll etmək üçün kompleks yanaşma lazımdır.
Digər çıxış edənlər islamofobiya ilə mübarizənin əhəmiyyətini vurğulayıb, İslam dininin daha geniş spektrdə tədris və təbliğ olunması, ali məktəblərdə islamofobiya ilə mübarizə istiqamətində tələbələrin maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.
Qeyd edək ki, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə dəstəyi ilə keçirilir.
Konfransda dünyanın 32 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarından 130-dan çox nümayəndə iştirak edirlər.
Tədbirə G20 Sammitinin Dinlərarası Dialoq Forumunun prezidenti Kol Durham (ABŞ), İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin Siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay (Səudiyyə Ərəbistanı), İSESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid FəthəlRəhman Omer Mohamed (Sudan), Avropa Kilsələr Konfransının İnsan hüquqları müdafiəçisi Elizabeta Kitanoviç (Serbiya) və digər tanınmış şəxslər qatılıblar.
Xatırladaq ki, hər il martın 15-i İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir.