Novruz bayramının çoxlu xeyirxah adət-ənənələri var. Onlardan biri də xəstələrə baş çəkmək və onlara yardım göstərməkdir. Müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə və onların əməliyyat xərclərinin qarşılanmasına yardım göstərilməsi də belə xeyirxah əməllərdən biridir.
AZƏRTAC xəbər verir ki, “Nargis” Fondunun təşkilatçılığı ilə baharın gəlişini müjdələyən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası məhz bu niyyətə xidmət edir.
2019-cu ildən etibarən təşkil olunan yarmarka sponsorlarının maliyyə dəstəyi və burada qurulan evlərin icarə haqqından toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin ödənilməsinə sərf edilir. Yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat fondun rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşılır.
Yarmarka 35 böyük və 20 kiçik ev, 3 ədəd ikimərtəbəli restoran, Novruz bayramına aid müxtəlif konstruksiyalar və elementlər, balaca köşklər, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu evi, labirint otağı və müxtəlif tematik guşələrdən ibarətdir. Yarmarka ərazisində quraşdırılmış iki ədəd böyük monitorda yarmarka haqqında ətraflı məlumat və xəritəsi nümayiş olunur.
Martın 1-dən başlanan yarmarka 30-dək davam edəcək. Hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərən “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkasında internat məktəblərinin, uşaq evləri və sığınacaqların, müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri xüsusi qonaqlar kimi iştirak edirlər. Hər il olduğu kimi, onlar münasib qiymətə şirniyyatlar, milli və xarici mətbəxin ləziz təamlarını dada, eksklüziv suvenirlər və hədiyyələr əldə edə, hər yaşa uyğun oyunlar oynaya, şəkillər çəkdirə, ən başlıcası isə xalqımızın sevimli bayramı – Novruz bayramının həyəcanı və sevincini birlikdə paylaşa bilərlər.