Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) növbəti tranş alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
“IMF-dən 880 milyon dollarlıq növbəti tranş. Bu, genişləndirilmiş maliyyələşdirmə proqramı çərçivəsində üçüncü maliyyə dəstəyi tranşıdır”, – o, teleqram kanalında yazıb.
Ukrayna Baş nazirinin sözlərinə görə, vəsaitlər prioritet büdcə xərclərini yaxşılaşdırmağa və makromaliyyə sabitliyini dəstəkləməyə kömək edəcək. D.Şmıqal həmçinin əlavə edib ki, rəsmi Kiyev maliyyələşdirmə proqramını yenidən nəzərdən keçirməyə hazırlaşır.
Bu tranşın Ukraynaya ayrılması ilə bağlı razılıq fevralda əldə olunub. IMF ölkədə iqtisadi artımın müsbət dinamikasının yaşandığını bildirib. Amma təşkilatdan onu da etiraf ediblər ki, Ukrayna iqtisadiyyatının cari il üçün inkişafı ilə bağlı proqnoz “son dərəcə qeyri-müəyyən” olaraq qalır.