Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) Azərbaycan hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın Bakıda keçirilən 8-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rumıniyanın Energetika Sahəsində Milli Tənzimləmə Qurumunun (ANRE) prezidenti Corce-Serciu Nikulesku ilə görüş olub.
AZƏRTAC EMTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov qonağı salamlayaraq, iki tənzimləyici qurum arasında mövcud əməkdaşlıq əlaqələrindən söz açıb.
ANRE-nin prezidenti Corce-Serciu Nikulesku səmimi qəbula görə təşəkkür edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin uzunmüddətli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə qurumlar arasında anlaşma memorandumunun imzalanması məsələsi müzakirə olunub.
Qeyd edək ki, EMTA ilə ANRE arasında 2018-ci ildən əməkdaşlıq əlaqələri mövcuddur.