BMT-nin İnkişaf Proqramı (UNDP) hesab edir ki, Azərbaycanda bu gün xüsusi ilə tullantı sektorunda, su idarəçiliyi sahəsində investisiyaların yatırılması aktual hesab edilə bilər.
Bunu “Report”a açıqlamasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.
“Həm tullantı sektoru, həm də su idarəçiliyi üzrə işğaldan azad edilmiş ərazilərdə kifayət qədər işlərin görülməsinin nəzərdə tutulduğunu əsas götürsək, investorların bu istiqamətlərə cəlb edilməsi növbəti illərdə baş tutacaq”, – deyə o vurğulayıb.
H.Hüseynovun sözlərinə görə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsi məqsədilə yaradılmış “DİM İnvestor Xəritəsi” (“SDG İnvestor Map”) artıq hazırlanıb və təqdim edilib: “UNDP ilə Azərbaycan hökuməti arasında təxminin bir illik dövrü əhatə edən bir layihə icra olunub. Bu, inteqrə olunmuş maliyyə çərçivəsinin müəyyənləşdirilməsi ilə bağlı layihə idi və bu çərçivədə iki mühüm sənəd hazırlanıb. Bunlardan biri inkişafın maliyyələşdirilməsi üçün yol xəritəsinin hazırlanması idi. İkinci istiqamət isə DİM İnvestor xəritəsinin hazırlanması olub. İnvestor Xəritəsi BMT-nin İnkişaf Proqramının Özəl Sektorla bağlı İstanbul Regional Mərkəzi və İqtisadiyyat Nazirliyinin xətti ilə hazırlanıb” .
Nazirlik rəsmisi qeyd edib ki, növbəti mərhələdə İqtisadiyyat Nazirliyi və BMT-nin İnkişaf Proqramı ilə birlikdə bu sənədlə bağlı həm daxili, həm də xarici investorlar, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və ölkələrin diplomatik korpusları üçün maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.