Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib.
AZƏRTAC xəbər verir ki, “Harbiye Cemil Topuzlu” Açıq Hava Səhnəsində Azərbaycanın milli rəqslərinin ifa olunduğu konsertin təşkilatçısı “İME Organizasyon”, əsas dəstəkçisi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), “Raumir A.Ş.” şirkəti və Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyidir (TAİB).
28 May – Müstəqillik Gününə həsr olunmuş konsert Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməmmədovun əsərləri səsləndirilib, rəqs nömrələri nümayiş olunub.
Sonda ansamblın rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə konsertin təşkilatçılarına, dəstəkçilərinə və tamaşaçılara təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. 2018-ci ildən ansamblın rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir. Milli mədəniyyətimizin inkişafındakı xidmətləri nəzərə alınaraq, Azərbaycan Dövlət Rəqs Ansamblına 1991-ci ildə “Əməkdar Kollektiv” fəxri adı verilib.