Filarmoniyada Fabio Andreotti ilə yay konsert mövsümünün təntənəli açılışı olub

Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə dünya opera səhnəsinin ulduzu – italyan tenor Fabio Andreottinin təqdimatında “Amore e passione” proqramının premyerası və yay konsert mövsümünün möhtəşəm açılışı olub. Konsert “Red events&Distribution” agentliyinin təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC xəbər verir ki, ətirli qızılgüllərə qərq olunmuş səhnədə Cakomo Puççini, Georges Bize, Coachino Rossini, Jül Massenet və digər görkəmli bəstəkarların məşhur operalarından ariyalar, eləcə də valehedici Neapolitan mahnıları, eyni zamanda, klassik Azərbaycan musiqisinin inciləri səsləndirilib.

Filarmoniyanın yay konsert mövsümü payıza qədər tanınmış sənətkarların və yeni istedadların çıxışları ilə tamaşaçıları sevindirəcək.

Qeyd edək ki, Fabio Andreotti səsinin tembrinin əfsanəvi müğənninin səsi ilə oxşarlığına görə “yeni Pavarotti” adlandırılır. İtalyan tenor Fabio Andreotti Romada anadan olub və Roma La Sapienza Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. O, italyan vokal ustaları Antonio Beyer və Gianni Raimondidən ciddi şəkildə vokal sənətinin sirlərini öyrənib. Fabio Andreotti 2006-cı ildə Haydnın “Salve Regina” mahnısını ifa edərək peşəkar səhnədə debüt edib.

XXI əsrin ilk onilliyi sənətkara uğur və bütün dünyada – doğma İtaliyadan tutmuş Cənubi Koreya və ABŞ-a qədər şöhrət gətirib. Belə ki o, əfsanəvi “Riqoletto”, “La Bohem”, “Madama Butterfly”, “Aida”, “Toska” və digər şedevrlərdə baş rolları ifa edib.

ƏvvəlkiMilli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgisi açılıb
NövbətiCocuq Mərcanlıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub