Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində iyunun 5-də Azərbaycanın COP29-un sədri kimi növbəti tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qlobal iqlim dəyişikliyi bir çox sahələrdə olduğu kimi, beynəlxalq təhlükəsizlik üçün də ciddi çağırışlar yaradır. Bu səbəbdən qlobal iqlim dəyişikliyi nəticəsində qida və su təchizatında yaranan böhranların potensial münaqişələrə çevrilməsinin qarşısının alınması kimi vacib məsələ COP gündəliyində əhəmiyyətli yer tutur.
Bu mövzuya həsr olunan tədbirə sədrlik edən xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərov bildirib ki, Azərbaycanın COP29-a sədrliyi zamanı prioritetlərindən biri beynəlxalq sülhə və təhlükəsizliyə dəstək verməkdir. Dövlətimizin başçısının tapşırığı ilə iqlim konfransları tarixində ilk olan COP atəşkəsi çağırışı üzərində beynəlxalq tərəfdaşlarla iş aparılır.
Azərbaycan Prezidenti İlham Əliyevin ən həssas kateqoriya olan kiçik ada dövlətləri üçün xüsusi dəstək fondunun yaradılması təşəbbüsünü də qeyd edən E.İskəndərov dünya əhalisinin getdikcə artan hissəsinin həm iqlim dəyişikliyindən, həm də münaqişələrdən əziyyət çəkdiyini, bu baxımdan daha çox regionların “xüsusilə həssas” kateqoriyaya daxil olduğunu bildirib. O, ölkəmizin COP29 sədri qismində təşkil etdiyi tədbirin bu qəbildən olan dünya xalqları üçün işlək strategiya və əməli dəstəyin təmin olunması məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə COP28 prezidentliyini təmsil edən Deyn Mak Kuin çıxışında ötən il Dubayda keçirilmiş COP zamanı qəbul edilmiş “İqlim dəyişikliyi, dayanıqlılıq, sülh və yardım” başlıqlı bəyannamədən söz açıb, Azərbaycanın sədrliyi ilə COP prosesində sülh gündəliyinin irəli sürülməsini yüksək qiymətləndirib, bu məsələnin konkret çalarlar qazanacağına əminliyini bildirib.
Almaniyanın iqlim üzrə danışıqçısı Eliza Ozbek və Uqandanın BMT-dəki daimi nümayəndəsi Adonio Ayebare xüsusilə həssas kateqoriyaya aid dünya əhalisinə beynəlxalq yardımın vacibliyindən, iqlim dəyişikliyinin gələcəkdə təmiz su, hava və münbit torpaqlar uğrunda münaqişələrə yol açmaması üçün qabaqlayıcı tədbirlərin görülməsinin önəmindən danışıblar. Almaniya və Uqanda təmsilçiləri bu məqsədlə Bakıdakı COP tədbirində mövzunun müzakirə olunması təşəbbüsü ilə çıxış ediblər. Onlar Azərbaycanın beynəlxalq əməkdaşlığın gücləndirilməsində zəngin təcrübəsini nəzərə alaraq, bu təşəbbüsə dəstək verəcəyinə ümidvar olduqlarını vurğulayıblar.
“Sülh və iqlim” naminə Bonn kontakt qrupu adından çıxış edən Niderlandın Links-Avropa Fondunun direktoru Dennis Sammut və Almaniyanın Adelphi beyin mərkəzinin rəhbəri Benjamin Pol COP29 zamanı su qıtlığı, qida təhlükəsizliyi və minalarla çirklənmənin ekosistemə zərərləri istiqamətində 50-dən artıq beynəlxalq QHT-nin konkret təkliflər paketi hazırladığını diqqətə çatdırıblar.
İnteraktiv dialoq formatında çıxış edən Braziliya, ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı, Macarıstan, Qırğızıstan və digər üzv ölkələrin nümayəndələri COP29 çərçivəsində xüsusilə həssas kateqoriyaya aid bölgələrə göstərilən diqqətə görə Azərbaycana təşəkkür ediblər. Çıxışlarda COP29 zamanı “Sülh və iqlim dəyişikliyi” mövzusunda müzakirənin yüksək səviyyədə təşkil ediləcəyinə və bunun konkret nəticələr verəcəyinə ümidvarlıq ifadə olunub.
Çoxsaylı üzv ölkələr, eləcə də bir çox BMT qurumlarının və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri tədbirdə müzakirələrə yekun vuran səfir E.İskəndərov Azərbaycanın COP29-a sədrliyinə verilən yüksək qiymətə və göstərilən etimada görə bir daha təşəkkürünü bildirib. O, Azərbaycanın “Sülh və iqlim dəyişikliyi” mövzusuna, irəli sürülən konkret təşəbbüslərə dəstək verəcəyini, bunun nəticəsində xüsusilə həssas bölgələrə beynəlxalq dəstəyin artacağına əminliyini ifadə edib.