“Paris-2024”: Olimpiya kəndi idmançıları qarşılayır

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir həftə qalmış, Sen-Deni və Sent-Uen adaları arasında yerləşən Olimpiya kəndi bu gündən öz qapılarını iştirakçıların üzünə açıb.

AZƏRTAC xəbər verir ki, 52 hektar ərazisi olan bu sahə 14500 insanı və yüzlərlə idmançını qarşılamağa hazırdır.

Olimpiya kəndi bir həftədir nümayəndə heyətlərinin başçıları və onların əməkdaşlarını qismən qəbul etməyə başlayıb. İlk gündə İngiltərə, ABŞ, Yeni Zelandiya, Braziliya və İsveçrə kimi böyük dövlətlərin gəldiyi qeyd edilir.

Olimpiya kəndinin direktor müavini Oqustin Tran Van Şo idmançıların qarşılanması üçün hər şeyin tam hazır olduğunu vurğulayıb. Olimpiya kəndinin direktoru Loran Mişo isə 9000 idmançı da daxil olmaqla 14500 nəfərin yerləşəcəyi kəndin əsl qarışqa yuvasına çevriləcəyini deyib. O bildirib ki, kənddə 4000 işçi təmizlik və iaşə işləri ilə məşğul olacaq, 1500 könüllü isə nümayəndə heyətlərini müşayiət edəcək.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

ƏvvəlkiŞəhid Akif Abbasovun nəşinin qalıqları Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb
NövbətiDaşkənddə Amerika Texnologiya Universiteti açılacaq