Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.

COP29-un keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşəcəklərini vurğuladı.

Gitanas Nauseda Azərbaycana rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırladı.

Söhbət zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasını təəssüflə vurğuladı.

ƏvvəlkiPrezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb