Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcək.
“Report” xəbər verir ki, bu barədə BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski teleqramda bildirib.
“İranın Çin, Əlcəzair və Rusiya tərəfindən dəstəklənən sorğusu ilə sədrliyimiz Nyu-York vaxtı ilə 31 iyul saat 16:00-da (Bakı vaxtı ilə avqustun 1-i saat 00:00-da) Tehranda HƏMAS Siyasi Bürosunun rəisi İ.Haniyənin öldürülməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını təyin edib”, – diplomat qeyd edib.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.