Ankara hava limanında Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi olub

Avqustun 1-də Türkiyənin paytaxtı Ankarada Rusiya ilə Qərb ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi olub.

AZƏRTAC xəbər verir ki, əməliyyat Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən koordinasiya edilib.

MİT “son dövrün ən böyük mübadilə əməliyyatında” vasitəçi rolunu təsdiqləyib.

Türkiyə kəşfiyyat xidməti ümumilikdə 7 ölkədə həbsxanada saxlanılan 26 nəfərin dəyişdirildiyini qeyd edib. “Razılaşmada bir tərəfdən Rusiya və Belarus, digər tərəfdən isə ABŞ, Almaniya, Polşa, Sloveniya və Norveç iştirak edib. Rusiyaya ekstradisiya edilən on nəfər arasında iki uşaq da var. On üç nəfər Almaniyaya, üç nəfər ABŞ-a göndərilib”, – deyə MİT dəqiqləşdirib.

İdarədən bildirilib ki, məhbusların mübadiləsinə dair danışıqlar bu ilin iyulunda Ankaranın vasitəçiliyi ilə aparılıb.

Türkiyə telekanalları Rusiya Federasiyası və Qərb ölkələri nümayəndələrinin olduğu təyyarələrin endiyi Ankaranın Esenboğa Beynəlxalq Hava Limanından canlı yayım ediblər.

“Anadolu” agentliyi xəbər verib ki, digərləri ilə yanaşı, Rusiyada casusluq ittihamı ilə məhkum edilmiş “Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviç də azadlığa buraxılıb.

Bir sıra Türkiyə mediası hazırkı mübadilə sövdələşməsini “İkinci Dünya müharibəsinin bitməsindən bəri ən böyük sövdələşmə” adlandırıb.

ƏvvəlkiBirinci vitse-prezident Mehriban Əliyeva Zelim Kotsoyevin Olimpiya çempionu olması ilə bağlı paylaşım edib
NövbətiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər