Türküstanda “Türkologiya” və “Yeni enerji texnologiyaları” adlı yay məktəbləri keçirilir

Türküstanda Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası (TÜBA), Türk Dil Qurumu (TDK) və Əhməd Yəsəvi Beynəlxalq Qazax Universitetinin dəstəyi ilə Türk dünyası gənc alimləri üçün yay məktəblərinin açılışı olub.

Beynəlxalq Türk Akademiyasından AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, TÜBA-nın prezidenti professor Müzəffər Şəkər, Türk Dil Qurumunun sədr müavini Harun Şahin, Əhməd Yəsəvi Universitetinin rektoru professor Janar Temirbekova, Qazaxıstan Milli Elmlər Akademiyasının şöbə müdiri Anar Muxtarov, eləcə də dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlər iştirak ediblər.

Tədbirdə akademik Şahin Mustafayev Türk dünyasının gənc alimləri arasında elmi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Akademik qeyd edib ki, yay məktəblərinin əsas məqsədi bilik və təcrübə mübadiləsi apara bilən, dostluq və peşəkar əlaqələr qura bilən gənc tədqiqatçılar şəbəkəsini yaratmaqdır.

Builki yay məktəbinin özünəməxsusluğunu vurğulayan akademiya prezidenti bildirib ki, “Türkologiya” və “Yeni enerji texnologiyaları” adlı iki yay məktəbi ilk dəfə olaraq birləşdirilir. Bu sahələrin birləşdirilməsi türk xalqları arasında həm mədəni, həm də elmi əlaqələrin əhəmiyyətini simvollaşdırır.

Diqqətə çatdırılıb ki, “Türkologiya” yay məktəbində Azərbaycan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Monqolustan, Türkiyə və Şimali Makedoniyadan 28 gənc alim iştirak edir. Bundan əlavə, “Yeni enerji texnologiyaları” yay məktəbində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Albaniya və Türkiyədən 21 nəfər iştirak edir. Onlara türk ölkələrindən 37 tanınmış alim mühazirə oxuyacaq.

“Türkologiya” yay məktəbi proqramı türk xalqlarının tarixini, arxeologiyasını, dilini və ədəbiyyatını dərindən araşdırmaq məqsədi daşıyır. Xüsusilə gənc alim və tədqiqatçılar üçün nəzərdə tutulmuş nəzəri və praktiki sessiyaları əhatə edən tədbir iştirakçılara biliklərini dərinləşdirməklə yanaşı, öz layihələrini təqdim etmək, təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq imkanı verəcək. Əsas mövzulardan biri də Türk dünyası anlayışını formalaşdıran ilk elmi əsər olan “Divanü lüğat-it-türk” araşdırması olacaq.

“Yeni enerji texnologiyaları” məktəbinin məqsədi isə iştirakçılara enerji sahəsində ən son yeniliklər, çağırışlar və perspektivlər haqqında hərtərəfli məlumat verməkdir. Proqram həm enerji istehsalının əsas prinsiplərini və ənənəvi üsullarını, həm də gələcək enerji ehtiyaclarını ödəmək üçün lazım olan innovativ və davamlı həlləri əhatə edir.

Akademik Şahin Mustafayev yay məktəblərində birhəftəlik dərslərin iştirakçılara biliklərini dərinləşdirməyə və müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqələrini möhkəmləndirməyə kömək edəcəyinə əminliyini bildirib.

ƏvvəlkiÜmidin namizədi, Qarabağ qazisi təxribatla üzləşib – Ülvi Quliyevin rəqibinin plakatlarını kim cırır?
NövbətiAzərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib