Üçtərəfli işçi qrupu Azərbaycandan Naxçıvana yolun çəkilməsini müzakirə edir

“Şimal-Cənub” nəqliyyat dəhlizinə gəldikdə, əsas iş Azərbaycan və İranla təmasda qərb istiqamətində, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan ərazisindən keçməklə, daha sonra İran istiqamətində aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Azərbaycanın qərb bölgələrini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar çərçivəsində ən yüksək səviyyədə aparılır”, – deyə o bildirib.

Zaxarova əlavə edib ki, Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi açıq-aydın və hamıya məlumdur. “Biz müvafiq razılaşmaların tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında əldə ediləcəyindən çıxış edirik ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşuların maraqlarına cavab versin”, – deyə diplomat qeyd edib.

Əvvəlkiİngiltərədə təyyarə yola çırpılıb
NövbətiCənubi Koreya Asiyada iqlim qanununu konstitusiyaya zidd olaraq tanıyan ilk ölkədir