Bakıda regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə həyata keçirilir. Konfransın məruzəçiləri, iştirakçıları yerli və xarici qonaqlar olub. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev Bakıda keçirilən 1-ci beynəlxalq Kiberdiplomatiya konfransında bildirib ki, hazırkı zaman diplomatiya və texnologiya sahələrinin birləşdiyi mühüm dövrdür.
“Kiberdiplomatiyanın yaranması beynəlxalq münasibətləri yenidən formalaşdırır, həm yeni misilsiz imkanlar, həm də təxirəsalınmaz tədbirlər görülməsinə dair çağırışlar edir. Kiberdiplomatiya üzrə ölkəmizdə keçirilən 1-ci beynəlxalq konfransın əsas məqsədlərindən biri kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığı daha da qüvvətləndirməkdir. Biz inanırıq ki, kibertəhdidlərlə mübarizə aparmaq, rəqəmsal infrastrukturumuzu möhkəmləndirmək, rəqəmsal sahədə fərdlərin hüquq və şəxsi məlumatlarını qorumaq üçün birgə səmərəli həll yolları tapa bilərik. Əməkdaşlıq vacibdir, çünki heç bir ölkə bu çağırışları təkbaşına həll edə bilməz. Kibertəhdidlər sərhəd tanımır və bir kiberhücumun təsiri, mənşə yerindən asılı olmayaraq, bütün dünyada hiss oluna bilər. Buna görə də müttəfiqliyimizi gücləndirmək, ən yaxşı təcrübələri paylaşmaq və kiberməkanla bağlı məsuliyyətli davranmaq barədə ortaq anlaşma yaratmaq vacibdir”, – deyə İlqar Musayev bildirib.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov çıxışında qeyd edib ki, sürətlə dəyişən rəqəmsal dünyada nisbətən yeni olan kiberdiplomatiyanın vacibliyini hər birimiz çox yaxşı dərk edirik. Birinci Beynəlxalq Kiberdiplomatiya Konfransına ev sahibliyi etməyimiz ölkəmizin kiberdiplomatiya sahəsində atılan mühüm addımlarının göstəricisidir.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə deyib ki, son illər Azərbaycan müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Bunların sırasında regionda ilk və çoxsaylı iştirakçısı olan 7-ci İnternet İdarəçiliyi Forumu oldu. Ötən il 50 ildən sonra Azərbaycan yenidən Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu gün isə ilk Kiberdiplomatiya Beynəlxalq Konfransı keçirilir. Bu ilin noyabrında ölkəmiz müstəqillik dövründə ən irimiqyaslı tədbir olan COP29-a ev sahibliyi edəcək.
Kiberdiplomatiya mövzusu bu gün beynəlxalq səviyyədə diqqət verilən və müzakirə olunan mövzudur. “Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) 2023-cü ildə hesabatına əsasən dünya əhalisinin təqribən 30 faizinin hələlik internetə çıxışı yoxdur. Digər tərəfdən baxdıqda isə bu o deməkdir ki, dünya əhalisinin 70 faizi internet xidmətlərinin istifadəçisidir. Bu rəqəmlər kiberdiplomatiyanın müasir həyatımızda rolunu əyani göstərir. Texnoloji inkişaf artıq sırf texniki mütəxəssislərin həll edəcəyi deyil, beynəlxalq əhəmiyyətli, ölkələrarası məsələyə çevrilib”, – deyə Prezident Administrasiyasının nümayəndəsi əlavə edib.
Tədbirdə çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov deyib ki, müasir dünyada ən aktual mövzulardan hesab edilən informasiya təhlükəsizliyində diplomatiyanın rolu məsələsinə həsr olunmuş konfransın ölkəmizin bu sahədə gördüyü işlərə mühüm töhfə verəcək.
ADA Universitetinin Dövlət, tələbə və xarici işlər üzrə prorektoru Fariz İsmayılzadə bildirib ki, kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resursları və potensialıdır. Eləcə də hər sahədə olduğu kimi kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın inkişafında gənc nəsil mütəxəssislərin olması vacib amildir.
1-ci Kiberdiplomatiya üzrə beynəlxalq konfrans çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqsədilə ölkəmizdə Kiberdiplomatiya üzrə Tvininq Mərkəzi fəaliyyətə başlayacaq. Tvininq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur.
Anlaşma Memorandumuna uyğun olaraq XRİTDX tərəfindən Tvininq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək veriləcək və təlimlərin keçirilməsi üçün təlimçilər cəlb ediləcək. İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlərin hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. “ICI Buxarest” Tvininq Mərkəzində elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək.
İmzalanma mərasimində görüş zamanı tərəflər növbəti illər üçün nəzərdə tutulan planlarından danışıb, memorandum əsasında yaradılacaq Kiberdiplomatiya üzrə Tvininq Mərkəzi tərəfindən həyata keçiriləcək tədbirlər və layihələr haqqında müzakirələr aparıblar. Tərəflər Kiberdiplomatiya və informasiya təhlükəsizliyi üzrə birgə təhsil proqramlarının, seminarlar və təlim kurslarının hazırlanması, eləcə də kiberdiplomatiya sahəsində bilik və təcrübə mübadiləsi aparacaqlarını vurğulayıblar.
Anlaşma Memorandumu XRİTDX-nin rəis müavini, general-mayor Allahverən İsmayılov, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, “ICI Buxarest” Universitetinin elmi rəhbəri Dr. Carmen-Elena Cirnu tərəfindən imzalanıb.
1-ci Kiberdiplomatiya üzrə beynəlxalq konfransın yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib.