Sentyabrın 30-da Sahibə Qafarovanın sədrliyi ilə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İlk növbədə, Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirən S.Qafarova dövlətimizin başçısının parlamentin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdiyini diqqətə çatdırıb.
O, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclisin öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərdə qələbə qazanan deputatları təbrik edib, bu seçkilərin Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
MSK sədri seçkilərə hazırlıq dövründə seçki komissiyalarının səmərəli fəaliyyəti, namizədlərin təbliğat-təşviqat kampaniyası üçün yaradılmış şərait, seçki dairələrində və məntəqələrdə səsvermə prosesinin izlənilməsi üçün veb-kameraların quraşdırılması, digər görülmüş işlər barədə ətraflı məlumat verib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisin sədri Sahibə Qafarovaya, parlament sədrinin birinci müavini Əli Əhmədova, sədr müavinləri Ziyafət Əsgərova, Musa Qasımlıya, Rafael Hüseynova və digər millət vəkillərinə deputat vəsiqələrini təqdim edib.
Vəsiqələrin təqdimatından sonra gündəlikdəki 17 məsələnin müzakirəsinə başlanılıb.
Gündəliyin ilk 15 məsələsi Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi ilə bağlı olub.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvlərinin seçilməsi haqqında qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri növbəti – 16-cı məsələnin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında olduğunu söyləyib. Deyib ki, qanunvericilik işləri planı 7 bənddən ibarətdir.
Sonra iclasda məsələ ətrafında müzakirələr aparılıb. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Siyavuş Novruzov, Əli Hüseynli, Fazil Mustafa, deputatlar Jalə Əliyeva, Aydın Mirzəzadə, Hikmət Məmmədov çıxış edərək fikirlərini açıqlayıb, bir sıra təkliflərini səsləndiriblər.
Çıxışlardan sonra Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı təsdiq olunub.
Gündəliyin sonuncu məsələsi Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında olub.
Məsələnin müzakirəsində Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, komitə sədrləri Arzu Nağıyev, Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Ramid Namazov, Kamran Bayramov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev və Mübariz Qurbanlı çıxış ediblər.
Deputatlar vurğulayıblar ki, 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn və tarixi ədalətin bərpasına, möhtəşəm Qələbəmizə dostlarımız sevinsələr də, bizi istəməyən qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərini daha da artıraraq, məkrli fəaliyyətlərini hibrid təhdidlər formasında genişləndirəcəklər. Ona görə də qarşımızda duran bütün təhdid və çağırışlara hazır olmalıyıq. Deputatlar parlamentdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılmasını dövlətimizin inkişafı və təhlükəsizliyi sahəsində Prezidentin həyata keçirdiyi uzaqgörən və müdrik siyasətə Milli Məclisin daimi dəstəyi baxımından mühüm addım kimi dəyərləndiriblər.
Müzakirələrin sonunda qərar layihəsi səsə qoyularaq qəbul edilib. Qərara əsasən, deputat Ramid Namazov müvəqqəti komissiyanın sədri seçilib.
Bununla da VII çağırış Milli Məclisin 2024-cü ilin payız sessiyasının ilk plenar iclası başa çatıb.