DTX-nin Mədəniyyət Mərkəzində “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsində əldə edilmiş Zəfərin dördüncü ilinə həsr olunmuş “Zəfərin Səsi” musiqili bədii proqram keçirilib. Könüllülərin, Vətən müharibəsi iştirakçılarının qatıldığı tədbir Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının Tərəfdaşlığı, “Gənc Könüllülər İctimai Birliyi” və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov dörd il əvvəl 44 gün ərzində kürəyini Azərbaycan xalqına söykəyən Azərbaycan Ordusunun mənsublarının göstərdiyi qəhrəmanlıq nümunələrindən bəhs edib, Azərbaycan gəncliyinin Qələbə qazandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, proqramın məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin təbliğ edilməsi, gənclərdə vətənpərvərlik və həmrəylik hissinin yüksəldilməsi, xalqımıza bu qələbə sevincini yaşadan qəhrəmanlarımızın, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etməkdir.

“44 günə nəzər salanda şəhid övladını məğrurluqla qarşılayan ana-atalar, həyat yoldaşının tabutunu çiynində daşıyan cavan gəlinlər, sevdiklərini Vətənə qurban verərək arzularını onunla birlikdə dəfn edən gənc qızlar, üzərinə bombalar yağmasına baxmayaraq, orduya “dayanmayın, irəli gedin” deyən vətəndaşlar, raket zərbəsinin təsirindən yaralanan, amma qorxmadan gülümsəyən uşaqlar, təzyiqlərə sinə gərən, qətiyyətli addımları və uzaqgörən siyasəti ilə düşmən və havadarlarına meydan oxuyan Ali Baş Komandan və onun ətrafında birləşən əzmkar gəncləri görürük. Odur ki, biz hər il həmrəyliyimizin Zəfərini böyük coşqu ilə qeyd edəcək, şəhidlərimizi dərin ehtiramla yad edəcək, qazilərimizə və hərbi qulluqçularımıza minnətdarlığımızı bildirəcəyik. Digər yandan gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə və qəhrəman oğullarının şücaətinin nəsillərdən-nəsillərə ötürülməsinə nail olacağıq”, – deyə Q.Xəlilov qeyd edib.

Tədbir zamanı Vətən müharibəsində qazanılmış Zəfərə gedən yolu özündə əks etdirən videoçarx təqdim edilib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Azərbaycan Könüllülərinin – “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının, “Gənc Könüllülər” İctimai Birliyinin istedadlı könüllüləri, Azərbaycan Silahlı Qüvvələri Mahnı və Rəqs ansamblının rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzayev, tanınmış gənc ifaçılar Cavidan Fatehi və Fərid Mərdin iştirakı ilə özündə vətənpərvərlik hisslərini cəmləşdirən, milli musiqilər səsləndirilib.

Həmçinin Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvü, fotojurnalist Vüqar İbadovun təqdimatında Vətən müharibəsi zamanı çəkilmiş kadr, həmçinin müxtəlif ordu birləşmələri tərəfindən ordu quruculuğu çərçivəsində həyata keçirilən fəaliyyətlər, təlimləri əks etdirən fotolardan ibarət sərgi, həmçinin Azərbaycan könüllüləri tərəfindən süni intellektdən istifadə edərək hazırlanan “Dirçələn Qarabağ – Könüllülərin gözü ilə” fotosərgi nümayiş etdirilib.

ƏvvəlkiMilli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
NövbətiCOP29 çərçivəsində dəmir yollarında yeniliklər tətbiq olunur