Azərbaycan və Romanın Milli İncəsənət muzeylərinin əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri çərçivəsində Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olub, mədəniyyət ocağının bədii rəhbəri Françesko Stokki ilə görüşüb.

Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, F.Stokki naziri salamlayıb, muzeyi ziyarət etdiyi üçün təşəkkürünü bildirib.

O, muzeyin tarixi və ekspozisiyası haqqında məlumat verib. Bildirib ki, muzeydə müasir dövrün sənət nümunələri nümayiş etdirilir. Yerli və əcnəbi ziyarətçilər muzeyə böyük maraq göstərir.

A.Kərimli Azərbaycanın aparıcı muzey və sərgi zalları haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanın muzeyləri Avropanın bir sıra muzeyləri ilə əməkdaşlıq edir. Eyni zamanda çağdaş Avropa rəssamlarının Bakıda sərgiləri təşkil olunur.

Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanış olub.

Qeyd edək ki, Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyinin və Bakıdakı Heydər Əliyev Mərkəzi layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanıb.

ƏvvəlkiSOCAR-da “Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi” mövzusunda tədbir keçirilib
NövbətiMilli Məclisin iclasında 11 məsələ müzakirə edilib