Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova bu səfərin parlamentlərimiz və ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, dünyada Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci, Avropa İttifaqı ölkələri arasında isə birinci dövlət olduğunu qeyd edib, ölkələrimiz arasındakı dərin dostluq münasibətlərindən danışıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığı, ikitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli səfərlərin və görüşlərin əhəmiyyəti qeyd olunub.
Dövlətlərimizin münasibətlərinin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığı, parlament dostluq qruplarının mühüm rolu və parlament komitələri arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyi diqqətə çatdırılıb.
Sahibə Qafarova Azərbaycan və Rumıniyanın beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, Azərbaycanın BMT qətnamələrinin icrasını öz gücü ilə təmin edərək ərazi bütövlüyünü və müstəqilliyini bərpa etdikdən sonra bəzi Avropa ölkələri tərəfindən qarşılaşdığı təzyiqlər, məqsədli şəkildə yayılan saxta informasiyalara qarşı apardığı mübarizə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin gedişi barədə də məlumat verib.
Görüşdə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı tikinti-quruculuq işləri, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, sakinlərinin öz doğma yurdlarına qayıtmaları, Qərbi azərbaycanlıların hüquqlarının bərpasının təmin olunması barədə də danışılıb.
Mirça Abrudean ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını, beynəlxalq təşkilatlarda, xüsusilə də AŞPA-da ölkəmizi müdafiə etdiyini və Ermənistanla sülh planını dəstəklədiyini diqqətə çatdırıb. O, tezliklə sülh sazişinin imzalanacağına inamını ifadə edib və bu regionu parlaq gələcəyin gözlədiyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın olduğunu bildirən qonaq “ASAN xidmət” təcrübəsinin Rumıniyada da tətbiqi üçün Anlaşma Memorandumu imzalandığını və bu təcrübəni öyrəndiklərini diqqətə çatdırıb.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.