Bakıda Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı başa çatıb. Aprelin 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Viva Opera” qala-konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, qala-konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri və Almaniyadan olan xüsusi qonaq, “Mannheimer Philharmoniker Orchestra”nın baş dirijoru və bədii rəhbəri, tanınmış dirijor Boyan Videnovun rəhbərliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri iştirak ediblər.
Gecənin proqramında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Bize, Verdi, Puççini, Rossini, Maskani, Leonkavallo, Cilea və digər bəstəkarların əsərləri səsləndirilib. Xalq artistləri Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, opera müğənniləri Mahir Tağızadə, Atəş Qarayev, Nina Makarova, Adil Axundov, Taleh Yahyayev səhnəyə çıxıblar.
Dirijor Boyan Videnov AZƏRTAC -ın müxbirinə müsahibəsində festivalda iştirakı və Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
“Azərbaycana ilk səfərimdir. Buranı çox bəyəndim. Bakı gözəl şəhərdir, buradakı insanlar çox xoşdur. Şəhəri bir az gəzə bildim. Hətta Qobustanda da oldum.
Bu festivala dəvət edildiyimə görə çox şadam. Fidan Hacıyevadan bu təklifi alanda məmnuniyyətlə razılaşdım. Azərbaycan musiqiçiləri ilə işləmək mənə çox rahatdır, sizin çox gözəl səsləriniz var! Qrup çox mehribandır və məşqlər zamanı gözəl ab-hava yaranmışdı.
Bugünkü proqramda Azərbaycan bəstəkarlarının əsərləri yer alıb – bunlar çox gözəl əsərlərdir. Əvvəllər bu musiqi ilə tanış deyildim və bu mənim üçün yeni və xoş təcrübədir.
Belə festivalların keçirilməsi çox vacibdir! İstənilən növ musiqi tədbiri vacibdir. Bu günlərdə klassik musiqi və opera elitar və əlçatmaz biri kimi qəbul edilir. Belə klassik konsertlərin təşkili çox vacibdir ki, istəyən hər kəs gələ bilsin. Opera qala-konsertləri bunun üçün idealdır. Belə tədbirlərdə müxtəlif opera üslubları və məşhur əsərlərdən parçalar yer alır. Odur ki, bu, opera ilə tanış olmaq üçün gözəl fürsətdir!”, – deyə dirijor qeyd edib.
Beynəlxalq Opera Festivalının təşkilatçısı Fidan Hacıyevanın AZƏRTAC -a bildirdiyinə görə, festival çox uğurla keçib, iştirakçı və tamaşaçılarda çoxlu parlaq duyğular buraxıb.
“Bu il festival çox maraqlı keçdi! Festivalın hər günü bayrama çevrildi. Açılışda biz “Arşın mal alan” operettasını təqdim etdik, bu çox vacib idi, çünki bu il Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunur. Vokal məktəbimin tələbələrinin iştirakı ilə “Opera tarixi” adlı konsert keçirdik – onlar müxtəlif dövrlərə aid kostyumlar geyinib operanın tarixi haqqında danışıblar. Mənim sevdiyim konsert – “Arzu” konsertidir, burada Leyla xanım Əliyevanın şeirləri əsasında mahnılar ifa olunub. Orada həm poeziya, həm musiqi, həm də xoreoqrafiya olub. Festivalda çoxlu gənc istedadlı ifaçının iştirak etməsinə xüsusi şadam!”, – deyə Xalq artisti vurğulayıb.
Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalı aprelin 23-dən 29-dək Bakıda keçirilib. Yeddi gün ərzində paytaxtın müxtəlif məkanlarında tanınmış azərbaycanlı və xarici ifaçıların, gənc opera müğənnilərinin, eləcə də 6-16 yaş arası gənc istedadların iştirakı ilə konsertlər təşkil olunub.